AVADANLIQLAR NƏZARƏTDƏ SAXLANILIR
“Şirvan Elektrik Şəbəkəsi”ndə qarşıdakı mövsümə hazırlıq işləri davam etdirilir. Hazırda bir sıra işlər həyata keçirilib, şəbəkənin dayanıqlığı artıb, enerji verilişinin keyfiyyəti daha da yüksəlmişdir. Havaların isti keçməsi nəzərə alınaraq, yarımstansiyaların avadanlıqlarında yanğın səviyyəsinə müntəzəm baxış keçirilir, digər zəruri tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon mərkəzinin elektrik təchizatı sistemi yeniləşdirilib, 0,4 kV və 10 kV-lik xətlərdə naqillər təzələnib, bu işlərin məntiqi davamı olaraq, istehlakçılar elektrik enerjisinin uçotunun dəqiq aparılmasına imkan yaradan qabaqcadan ödənişli smart-kart tipli sayğaclarla təchiz ediliblər.
Yeri gəlmişkən, şəbəkədə diqqətdə saxlanılan əsas məsələlərdən biri də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməsidir. Bu məqsədlə şəbəkə işçiləri vaxtaşırı ümumilikdə və fərdi şəkildə təlimatlandırılırlar. “Ümumiyyətlə, sözügedən müəssisənin də elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur. Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 36,2 min kilovatsaat itirilmiş elektrik enerjisinin 2,2 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 40 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 119,1 min kilovatsaat itirilmiş elektrik enerjisinin 7,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin aprel ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 2,9 milyon kilovatsaatdan çox artaraq 27,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 9 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 268 min kilovatsaata yaxın çoxdur. Hesabat ayında ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. Qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 119,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 12,3 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 18,4 milyon kilovatsaata yaxın və bir milyon kilovatsaatdan artıq olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ödəniş mütləq 5 faizdən çox artmışdır.