ŞƏBƏKƏLƏRDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏLRİ DAHA DA YAXŞILAŞDIRILIB

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, paylayıcı elektrik şəbəkələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Digər enerji obyektləri kimi “Ucar Elektrik  Şəbəkəsi” (EŞ) müəssisəsində də yenidənqurma və təmir işləri uğurla həyata keçirilir. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ucar” EŞ-in kollektivi 2014-cü ilin birinci rübü ərzində 4,7 km 10 kV-lik, 6,2 km 0,4 kV-lik xətlərini təmir ediblər. Bu müddət ərzində 36 ədəd transformator da təmir olunaraq yenidən istismara verilib.

Şəbəkənin energetikləri aprel ayı ərzində də 10 kV-lik elektrik veriliş xəttinin 3 km-də əsaslı və cari təmir işləri aparıblar. Bu proses paralel olaraq 0,4 kV-lik xətlərdə (5 km) də görülüb. Trans­formator məntəqəsinin 7-də isə əsaslı və cari təmir işləri aparılıb. Onu da qeyd etmək yerinə düşərdi ki, energetiklər transformatorların nominaldan artıq yüklənməsinin qarşısının almaq məqsədilə fazalar arası yüklər mütəmadi olaraq ölçür və müvafiq tədbirləri həyata keçirirlər.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş,  ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. EVX-lərin trassası da yaşıl kütlələrdən təmizlənmişdir.

Sonda onu da bildirək ki, mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.