NAFTALAN EŞ: REYDLƏR VƏ YENİDƏNQURMA İŞLƏRİ DAVAM EDİR
“İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bununla əlaqədar olaraq həmişə olduğu kimi cari ildə, o cümlədən son üç ay ərzində də elektrik şəbəkələri (EŞ) müəssisələrinin xidməti ərazilərində yenidənqurma, təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir”, - deyən “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi “Naftalan EŞ”də işlərin gedişi barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə məlumat vermişdir.
Onun bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Təmir kampaniyası müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda transformatorlar əsaslı təmir edilərək təkrara şəbəkəyə qoşulmuşdur.
“Görülmüş və davam etdirilən işlər eyni zamanda kommersiya itkilərinin qarşısının alınması istiqamətində atılmış addımlardan biridir və bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, cari ilin ötən 4 ayı ərzində “Naftalan EŞ”in xidməti ərzisində keçirilmiş reydlər zamanı üç qayda pozuntusu faktı aşkar edilərək müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 41,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində 1,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 194 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 21 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 299 min kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 24 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 7 faizdən çox olmuşdur. Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində müəssisə üzrə istehlak 5,1 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 608 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 9 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 min kilovatsaata yaxın artaraq 1,3 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur.