ŞƏBƏKƏLƏRDƏ YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilmək, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ildə də davam etdirilmişdir.
«Mingəçevir REŞ»-in struktur bölməsi olan “Bərdə Elektrik Şəbəkəsi”ndə bu istiqamətdə məqsədəmüvafiq işlər aparılıb. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, I “Şəhər”, I və V «Kənd» hava xətlərinin vakuum açarları cari, 110/35/04 kV-lik «Bərdə» yarımstansiyasından qidalanan «Su kəməri», «Betonzavod», I, IV və V «Şəhər», II və VII «Kənd» hava xətlərinin isə yağ açarları əsaslı təmirdən çıxarılıb.
Şəbəkənin təmir briqadası 35/10 kV-lik «Qaradəmirçi» yarımstansiyasındakı 2,5 MVA gücündə olan transformatoru cari təmir edib. 110/35/10 kV-lik «Bərdə» yarımstansiyasında 10 kV-lik qapalı paylayıcı qurğunun tikinti və quraşdırma işləri isə davam etdirilib. Bununla yanaşı, müxtəlif yarımstansiyalarda giriş yağ açarları cari təmirdən çıxarılıb, bəzi xətlərdə yeni beton dirək basdırılıb, bir sıra xətlərdə cari və əsaslı təmir işləri aparılıb. Dörd ay ərzində yeni mənzillərdə 240-dan artıq yeni sayğac quraşdırılıb. 390-a yaxın abonentin isə qüsurlu sayğacı dəyişdirilib.
Digər görülmüş və görüləcək işlərdən söz açan mənbələr sonda onu da bildirdilər ki, istehlakçıların elektrik enerjisi təchizatının daha da möhkəmləndirilməsi üçün kollektiv daha böyük əzmkarlıqla çalışır. Mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.
Itirilmiş elektrik enerjisinin 54,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hecabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.
Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin aprel ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın azalaraq 19,1 milyon kilovatsaatdan çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 536 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin ötən dörd ayı ərzində isə müəssisə üzrə ümumilikdə 72,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 16,6 milyon kilovatsaatdan və 2,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 5 faizə yaxın artmışdır.