“XAÇMAZ REŞ”: DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLMİŞDİR

Image

Hazırda enerjisistemdə mövcud olan və yeni yaradılmış potensial generasiya güclərinin inkişafı ilə yanaşı, istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə enerjitəchizatı müəssisəsinə çatdırılması da vacib məsələlərdən biridir. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. Bu məqsədlə, ötən ilin son üç ayında da digər enerji obyektlərində olduğu kimi, respublikanın şimal bölgəsinin enerji təminatında mühüm rol oynayan “Xaçmaz REŞ”də də ənənəvi yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, yuxarıda qeyd edilən dövr ərzində bu müəssisənin balans mənsubiyyətinə daxil olan bir sıra enerji obyektlərində cari və əsaslı təmir işləri uğurla yerinə yetirilmişdir. Yerinə yetrirlən tədbirlər sırasına 110 kV-lik “Quba” yarımstansiyasında 1 və 2 saylı 40 MVA transformatorlardan yeni tikilmiş və 11 yuvadan ibarət olan 35 kV-lik qapalı paylayıcı quruluşa (QPQ) gərginliyin verilməsi ilə əlaqədar olaraq son tamamlama işləri aparılmış və QPQ istismara verilmişdir. Eyni zamanda bu yarımstansiyada bir neçə yağ açarı vakuum açarla əvəz edilmiş və ümumilikdə üç açar da təmir edilərək normal iş rejiminə gətirilmişdir. Hazırda yeni 10 kV-lik QPQ-nin tikintisi davam etdirilir. 330 kV-lik “Xaçmaz” yarımstansiyasında isə 1 və 2 saylı 180 MVA transformatorların 110 kV-lik eleqaz açarlarında, 330 kV-lik “Dərbənd” hava xəttinin (HX) xətt ayrıcısında təmir işləri aparılmışdır.

Qeyd edək ki, hesabat dövrü ərzində 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 1 və 2 saylı 25 MVA transformatorların 35 kV-lik tərəflərində müasir tipli gərginlik məhdudlaşdırıcıları quraşdırılmış, 10 kV-lik “Pivə Zavod” HX-nin vakuum açarı yenisi ilə əvəzlənmişdir. Eyni zamanda 10 kV-lik “Yergüc”, “Park”, 1-ci “Şəhər” HX-lərin, 1-ci bölmənin avadanlıqları təmir edilmişdir.  Analoji işlər 110 kV-lik “Qusar” yarımstansiyasında da həyata keçirilmişdir.

Qeyd edək ki, həmin bu dövrdə 110 kilovoltluq “Xudat”, “Yalama”, “Siyəzən”, 35 kV-lik “Cağar” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da möhkəmləndirilmişdir. Əlavə olaraq bütün yarımstansiyaların güc transformatorlarında ölçü-sınaq işləri də aparılmışdır.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə yenidənqurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan HEVX-lərindən də yan ötməmişdir. Belə ki, 110 kV-lik 6-cı “Xaçmaz”, “Çarxı”, “Xudat-Yalama”, 35 kV-lik “Quba-Qusar”, “Cağar”, “Qusar SES” HX-lərində əsaslı təmir qrafikinə uyğun olaraq 40 kilometr məsafədə müxtəlif təyinatlı təmir-bərpa işləri aparılmış, ümumilikdə 230-dan artıq izolyator yenisi ilə əvəzlənmiş, üç dayaq təmir olunmuş, hava elektrik verilişi xətlərinin (HEVX) trassaları boyu ağaclar budanmışıdr. Bütün bunlarla yanaşı 110 kV-lik “Xudat-Yalama” HEVX-nin üç ağac dayağı - ikisi aralıq, biri isə anker olmaqla metal dayaqlarla əvəzlənmişdir. Eyni zamanda 110 kV-lik 1-ci “Qusar” və 2-ci “Quba” ikidövrəli HEVX-nin isə bir dəmir-beton dayağı yeni metal dayaqla əvəz edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq, müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, avadanlıqlarda olan yağ sızmaları aradan qaldırılmış, güc transformatorlarının altındakı yağlı çınqıl dəyişdirilmiş, ərazi quru otlardan təmizlənmişdir. Eyni zamanda yarımstansiyalarda olan ilkin yanğınsöndürmə balonları təftiş olunmuş, nasazlıqlar aradan qaldırılmışdır.

Onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə  müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən  qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar.

Sonda onu da qeyd edək ki, müvafiq enerji obyektlərində aparılan təmir-bərpa işləri istehlakçıların  mövcud iqlim şəraitində enerjiyə olan tələbatını daha da dayanıqlı və effektli etmişdir.