ENERJİ TƏMİNATINI DAHA DA YAXŞILAŞDIRMAQ ÜÇÜN

Image

«Mingəçevir REŞ» MMC-nin tərkibində fəaliyyət göstərən Goranboy Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi bu ilin ötən dörd ayını da uğurla başa çatdırıblar. Cəbhə bölgəsində çalışan energetiklər istehlakçıların dayanıqlı və fasiləsiz enerji təchizatı üçün bir sıra texniki-təmir işləri həyata keçiriblər. Bu da son nəticəyə – enerjinin istehlak dəyərinin ödənilməsinə öz müsbət təsirini göstərmişdir.

Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin təmirçilər briqadası tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, EVX-lərdə və transformator təsərrüfatında təmir işləri həyata keçirmişdilər. Hazırda enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.

“İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı enerjidən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Digər elektrik şəbəkələrində olduğu kimi, “Goranboy EŞ”in əməkdaşları tərəfindən də belə halların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki,  burada cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 40-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 365,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 21,9 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın  hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə 180-ə yaxın qayda pozuntusu aşkar edilərək 909,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 54,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hecabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.

Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin aprel ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın azalaraq 19,1 milyon kilovatsaatdan çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 536 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin ötən dörd ayı ərzində isə müəssisə üzrə ümumilikdə 72,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 16,6 milyon kilovatsaatdan və 2,6 milyon kilovatsaatdan artıq olmuşdur.  Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 5 faizə yaxın artmışdır.