“SƏNGƏÇAL ES”: İSTİSMAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR
Generasiya gücləri arasında məxsusi yeri olan Səngəçal Elektrik Stansiyası da dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmiş və bunun nəticəsində texniki iqitisadi göstəricilər yüksək olmuşdur.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumat görə, burada cari ilin aprel ayında 81,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin ötən dörd ayında isə burada 300,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da bildirdi ki, stansiyada bütün işləri günün tələbləri səviyyəsində qurulub. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanılır. Qrafikə uyğun olaraq yanğın texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, ümumi gücü 300 meqavat olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.