PAYLAYICI ŞƏBƏKƏLƏRDƏ YENİDƏNQURMA İŞLƏRİ APARILIB

Image

Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” REŞ-in xidməti ərazisindəki 6-10 və 0,4 kV-lik paylayıcı şəbəkələrdən yan keçmədi. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə bu barədə geniş məlumat verilmişdir.

“Mingəçevir” REŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra  işlər aparılıb. Qeyd edək ki, REŞ-in balans mənsubiyyətinə daxil olan  “Tərtər” elektrik şəbəkəsi bu qəbildən olan enerji təsərrüfatlarından biridir. Müəssisədən bildirilir ki, texniki göstəricilərin yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə 35/6 kV-lik “Tərtər” yarımstansiyalarında və onun yardımçı avadanlıqlarında əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. Təmir-bərpa işlərinə yarımstansiyalardan çıxan hava elektrik verilişi xətləri üzrə naqillərin dəyişdirilməsi,  dayaqların yeniləri ilə əvəz edilməsini göstərmək olar. Görülmüş işlər nəticəsində istehlakçılar daha da dayanıqlı elektrik enerjisi ilə təmin edilmişlər.

Onu da qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir. Bu da eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına da kömək edir. Mənbəyə istinadən qeyd edək ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 120-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq hesabat aparılmış və 545 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 32,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 13 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 400-dən çox istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 1 milyon 690,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 101,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 25 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Mənbə onu da qeyd etdi ki, cari ilin aprel ayında müəssisənin xidmət ərazisində 8,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 405 min kilovatsaata yaxın azdır. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq bir faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 min kilovatsaatdan çox artaraq 2,1 milyon kilovatsaata yaxın olmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin ötən 4 ayı ərzində isə burada 35,5 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 163 min kilovatsaatdan çox azalmış, ödəniş isə mütləq bir faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 237 min kilovatsaata yaxın azalaraq 9,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 2 faiz olmuşdur.