“AĞSTAFA EŞ”: ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğacların istehlak edilmiş elektrik enerjinin bir hissəsini qeydə almaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında “Ağstafa Elektrik Şəbəkəsi”nin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 15 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 62 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə burada 75-dən artıq qayda pozuntusu üzrə akt tərtib olunmuş, 504,3 min kilovatsaatdan arrtıq itirilmiş elektrik enerjisinin 30,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 17 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını daha da keyfiyyətli şəkildə ödəmək, eyni zamanda qayda pozuntularını qarşısını almaq məqsədilə paylayıcı şəbəkələrdə mühüm addımlar atılır ki, bunun nəticəsində də dayanıqlıq daha da möhkəmlənmiş, ifrat yüklənmələr aradan qaldırılır, itkilər azaldılır, istehlak edilən elektrik enerjisinin ödənişində isə yüksək göstəricilərə nail olunur”, – deyən mənbə cari ilin son üç ayında həyata keçirilmiş təmir işləri barəsində də məlumat vedi və onu da qeyd etdi ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində 9,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,3 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 53 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 min kilovatsaatdan çox artaraq 2.9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə istehlak 36,1 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 6,9 milyon kilovatsaata, ödəniş isə mütləq 20 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 12,3 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 722 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 6 faiz artmışdır.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan, yanğın törədə biləcək tullantılardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.