STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayan “Şimal Elektrik Stansiyası”nın şərəfli tarixi var. Burada elektrik enerjisi verən ilk generator 1954-cü il yanvar ayının 19-da enerjisistemə qoşulub. Stansiyanın istismara verilməsi tarixi də həmin gündən hesablanır. Lakin zaman keçdikcə burada quraşdırılan avadanlıqlar köhnəlir və istismar baxımından müasir tələblərə cavab vermirdi. Xüsusilə də 1990-cı ildə Sovet İttifaqı dağıldıqdan sonra, keçmiş müttəfiq respublikaların bir çoxunda olduğu kimi, Azərbaycanda da elektrik enerjisi çatışmazlığı yaranmışdı.
15 iyun 1993-cü ildə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Məhz ümummilli liderin şəxsi təşəbbüsü nəticəsində “Şimal” ES ikinci həyatına qədəm qoydu.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şimal” ES-də əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən illərdə olduğu kimi cari ilin ötən dörd ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir. Qeyd edək ki, cari ilin ötən dörd ayında isə 785,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, cari ilin aprel ayında burada 181 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir. Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, Ulu Öndərin təşəbbüsü nəticəsində Yaponiya hökuməti “Şimal” DRES-də gücü 400 meqavat olan buxar-qaz qurğusu (BQQ) üçün kredit tranşı açmışdır. 2000-ci il dekabr ayının 19-da həmin qurğunun təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu nəhəng tikinti qısa müddətdə başa çatdırıldı və 28 sentyabr 2002-ci ildə istismara verilmişdir.
"Şimal" ES-in inkişaf proqramı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. Hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir. Sonda onu da qeyd edək ki, icrasına başlanan layihənin müvəffəqiyyətlə başa çatdırılması stansiyanın əhəmiyyətini daha da artıracaq, enerjisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə töhfəsini verəcəkdir.