“XAÇMAZ” REŞ: “QUBA” YARIMSTANSİYASI YENİDƏN QURULUR
Yeni generasiya güclərinin işə salınması ilə yanaşı şəbəkələrin tikilməsinə, yenidənqurulmasına və təmirinə də böyük diqqət yetirilir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi nəticəsində istehlakçılara verilən elektrik enerjisinin dayanıqlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Digər enerji obyektlərində olduğu kimi “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) kollektivi də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyalarda və elektrik verilişi xətlərində müvafiq yenidənqurma, təmir-tikinti işləri həyata keçirirlər.
Müəssisədən son üç ayı ərzində görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Quba” yarımstansiyasının yenidən qurulması işləri ilə əlaqədar olaraq 35/10 kV-lik paylayıcı quruluşun tikintisində dəmir-beton konstruksiyalar quraşdırılmışdır. Eyni zamanda hər birinin gücü 40 MVA olan 1 və 2 saylı güc transformatorların boşaldıcıları müasir tipli boşaldıcı ilə əvəz edilmiş və paralel olaraq 2 saylı transformatorun digər avadanlıqları da təmir edilmişdir.
Yeri gəlmişkən, 35 kV-lik yeni “Təngəaltı” yarımstansiyasında isə hər birinin gücü 6,3 MVA olan iki güc transformatorlar quraşdırılmış, 35 və 10 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) binasının tikintisi başa çatdırılmışdır. Eyni zamanda 35 KV-lik “Yeni Qəçreş” yarımstansiyasında da tikinti quraşdırma işləri əsasən başa çatdırılmış, bir ədəd 10 MVA-lıq güc transformatoru quraşdırılmış və 10 kV-lik QPQ-də 18 ədəd müasir tipli yuva yerləşdirilmişdir.
Qeyd edək ki, həmin bu dövrdə 330 kV-lik “Xaçmaz” yarımstansiyasında 1 saylı 180 MVA transformator təmir edilmiş, 110 kV-lik “Siyəzən-Broyler” yarımstansiyasında isə II şim sistemində yağ açarı vakuum tipli açarla əvəzlənmiş və bir dəst müasir tipli cərəyan transformatoru da quraşdırılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 110 kV-lik “Siyəzən”, “Xaçmaz”, “Yalama”, “Qusar”, 35 kV-lik “III Beynəlmiləl” yarımstansiyalarında müxtəlif gücdə transformatorlarda, çıxış HX-lərin açarlarında, bölmələr arası avadanlıqlarda, xüsusi sərfiyyat transformatorlarında təmir işləri reallaşdırılmışdır.
Yarımstansiya və EVX-lərin də texniki-istismar səviyyəsini yüksəltmək məqsədilə görülmüş tədbirlərdən söz açan mənbə onu da bildirdi ki, 330 kV-lik “Xaçmaz” və “Dərbənd”, 110 kV-lik “Çarxı”, I “Quba”, II “Ləzə” və digər hava elektrik verilişi xətlərinə (HEVX) baxış keçirilmiş və ortaya çıxan nasazlıqlar aradan qaldırılmışdır. O cümlədən, dəmir künclüklərlə metal dayaqların dayanıqlığın təmin edilmiş, 250-dən çox izolyator yenisi ilə əvəzlənmiş və 1,4 km-ə yaxın xətt təmir edilmişdir. Eyni zamanda yeni 35 kV-lik “Təngəaltı” yarımstansiyasını qidalandıracaq HEVX-nin tikintisində sözügedən dövrdə 32 dayaq quraşdırılmış və 2,7 km-ə yaxın xətt çəkilmişdir.
Mənbəyə istinadən sonda onu da qeyd edək ki, anoloji təmir-bərpa işləri davam etdirilir.