“AZƏRENERJI” ASC-DƏ ÜMUMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANADAN OLMASININ 91-CI ILDÖNÜMÜ QEYD OLUNDU

Image

Mayın 7-də “Azərenerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları öncə inzibati binada Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq,  əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirildi. Dəyirmi masa iştirakçıları ülü öndərin əbədi xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil etdiyini bildirdi. Belə ki, bu tarix dövlətimizin iqtisadi potensialının artmasına, çoxşaxəli inkişafına uğurlu yol açmışdır. O cümlədən,  Azərbaycan elektrik enerjisi sisteminin sürətli inkişaf dövrü də məhz Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçildiyi ildən başlanmış və Azərbaycanda müstəqil enerji sistemi fomalaşmış, dövlətimizin enerji təhlükəsizliyi təmin olunmuşdur.  Məhz onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Bununla yanaşı, Azərbaycanın elektrik enerjisi sisteminin qonşu dövlətlərin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbirdə çıxış edərək,  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib.  Dahi şəxsiyyət və qüdrətli siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açan millət vəkili Ulu Öndər tərəfindən əsası qoyulan və on ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu siyasətinin bütün sahələrdə dövlətimizin təhlükəsizliyini tam təmin etdiyini vurğrlayıb, uğurlu iqtisadi siyasətin, o cümlədən enerji siyasətinin ölkəmizin dinamik inkişafına, xalqımızın rifahının daha da yüksəldilməsinə möhkəm zəmin yaratdığını bildirdi.

“Azərenerji” ASC-nin tədbirdə çıxış nümayəndələri həyatı boyu xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ətraflı danışdılar.

Tədbirin sonunda Ulu Öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.