QUBA EŞ: YENİDƏNQURMA İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) idarəetmə strukturuna daxil olan EŞ-lərdə də geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
“Quba elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində 4,9 kilometrə yaxın 10 kV-lik yeni EVX dəyişdirilmiş, eyni gərginlikli xətlərin 10-dan artıq dayağı yenisi ilə əvəzlənmiş, xeyli sayda traves quraşdırılmış, izolyatorlar dəyişdirilmiş və 8,3 kilometrə yaxın EVX-də isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 1,3 kilometrə yaxın yeni 0,4 kV-lik SİP kabel xətti çəkilmiş, 5,7 kilometr xətdə isə əsaslı və cari təmir işləri aparılmışdir. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin trassası üzrə ümumilikdə 9,6 kilometr məsafədə budama işləri aparılmış, 12 kilometrə yaxın naqilin qabarıtı bərpa edilmiş, 35 dayaq düzləndirilmişdir. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 100-dən artıq transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbədən onu da bildirdilər ki, yenidənqurma və təmir işləri qrafikə uyğun davam etdirilir. Görülmuş və görüləcək işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin mart ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 44 min kilovatsaata yaxın azalaraq 10,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 5,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 386 min kilovatsaata yaxın azdır. Hesabat dövründə ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə ümumilikdə 36,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 1,5 milyon kilovatsaatdan çox artmışdır. Ödənişdə mütləq artım isə 8 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 19,9 milyon kilovatsaata və 151 min kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 6,4 faiz artmışdır.