AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Daşkəsən Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində yaz-yay mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrində (TM) və komplekt transformator məntəqələrində (KTM) ümumi gücü 4,8 MVA-dan artıq olan 12 transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Qeyd edək ki, 10, 6 və 0,4 KV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 350 metrə yaxın naqil dəyişdirilmiş, 2.6 kilometrə yaxın xətt təmir edilmiş, 320 metr kabel xətti çəkilmiş, 200 metrə yaxını isə təmir olunmuşdur. Bütün bunlarla yanaşı 14 dayaq da  dəyişdirilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 2 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1,4 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 80 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 85 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 164,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 86 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  yenə də kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu  aşkar edilmişdir.

Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin mart ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 223 min kilovatsaata yaxın artaraq 2,6 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 800 min kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 119 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faiz artmışdır.

Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə ümumilikdə 8,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehklak 818 min kilovatsaata yaxın  artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 2,6 milyon kilovatsaata yaxın və 433 min kilovatsaatdan artıq olmuşdur.