İTKİLƏRİN AZALDILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Enerjisistemdə dayanıqlığın yüksəldilməsi, enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, Göygöl rayonunda da mühüm işlər görülmüşdür. Rayon ərazisində elektrik verilişi xətləri, transformator məntəqələri yenidən qurularaq inventarlaşdırılmış, istehlakçıların uçotu dəqiqləşdirilmiş, yarımstansiyalar, transformatorlar kodlaşdırılmışdır. Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində ciddi irəliləyiş əldə edilmişdir.
“Göygöl Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 10 və 6 kV-lik xətlərin 1,2 kilometrində əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin 2,5 kilomertində müxtəlif təyinatlı təmir işləri görülmüşdür. Bütün bunlarla yanaşı 10, 6 və 0,4 kV-lik xətlərdə ümüumilikdə 15-dən artıq dayaq dəyişdirilmiş və 265-dən artıq sayğac quraşdırılmışdır. Qeyd edək ki, sözügedən dövrdə ümumi gücü 33 MVA-ya yaxın olan 80-dən artıq transformator məntəqəsində müvafiq təmir işləri aparılmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda qeyd edilir ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda kommersiya itkilərinin qarşısının alınmasında da mühüm rol oynayır. Belə ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 97 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 386 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 23,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 86 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2014-cü ilin mart ayında keçirilmiş reydlər zamanı 24 qayda pozuntusu faktı aşkar edilərək 24,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir. Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür. O cümlədən bir istehlakçının sənədləri hüquq mühafizə orqanlarına göndərilmişdir.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin mart ayında 8,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, onun da 3 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 833 min kilovatsaata yaxın, daimi əhali istehlakçılar qrupunda isə 418 min kilovatsaatdan çox artmışdır. Eyni zamanda daimi əhali qrupu üzrə ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 26 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon kilovatsaata yaxın artaraq 8 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur.
.