TƏDBİRLƏR PLANI VAXTINDA YERİNƏ YETİRİLİR
Digər enerji təsərrüfatlarında olduğu kimi “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə də (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bu məqsədlə tərtib edilmiş təmir qrafikinə uyğun son üç ayda nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilib. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir və o da bildirilir ki, 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasında 110 kV-lik I və III “Sənaye Qovşağı”, I “Sumqayıt” hava elektrik xətlərinin (HX) yağ açarları eleqaz açarlarla əvəzlənmişdir. Eyni zamanda yarımstansiyada 220 kV-lik avadanlıqlarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 1 və 2 saylı 1000 kVA-lıq xüsusi sərfiyyat transformatoru da əsaslı təmir edilmişdir.
Qeyd edək ki, hesabat dövründə 110 kV-lik “Sumqayıt-3” yarımstansiyasında şinlərarası eleqaz açarları, 35 kV-lik 1 saylı üzvi sintez kabel xəttinin eleqaz açarları və onların avadanlıqları təmir olunmuşdur. İstehlakçıların tələbatını nəzərə alaraq bu yarımstansiyada yeni 6 kV-lik altı yuvanın da quraşdırılması planlaşdırılmışdır.
Mənbədən o da bildirilir ki, 110 kV-lik “135 saylı” yarımstansiyada 1 saylı 40 MVA transformatorun boşaldıcısı yenisi ilə əvəzlənmiş və qapalı paylayıcı quruluşun (QPQ) binasında isə təmir işləri davam etdirilir. 110 kV-lik “Sumqayıt-2” yarımstansiyasında isə 1 saylı 80 MVA transformatorun I bölməsində ayrıcı yenisi ilə əvəzlənmiş, 10 kV-lik müasir avadanlıqlarla təchiz edilmiş yuvaların quraşdırılması işləri isə davam etdirilir.
Onu da qeyd edək ki, analoji təmir işləri şəhərətrafı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Rayonunun (YGEŞR) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda və EVX-lərdə də həyata keçirilmişdir. Belə ki, “Görədil”, “Şamaxı” yarımstansiyalarında transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilmişdir. Enerji obyektinin digər məlumatına istinadən qeyd edək ki, Xırdalan Şəbəkə Rayonu üzrə analoji təmir işləri “Masazır” və “83 saylı” yarımstansiyalarda da həyata keçirilmişdir.
Sonda onu da qeyd edək ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə 330 kV-lik I və VIII “Abşeron”, “Xaçmaz”, 220 kV-lik “Yaşma”, “Sənaye Qovşağı”, 110 kV-lik VI “Zabrat”, I “Şamaxı” və digər bir neçə HX-lərdə bəzi dayaqların təmiri, izolyatorların və naqillərin dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da bildirək ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. Yarımstansiyaların ərazisi və EVX dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmişlənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Mövsümlə əlaqədar tədbirlər planı da hazırlanmışıdr. Eyni zamanda digər qabaqlayıcı tədbirlər görülmüşdür.