YAZ-YAY TƏMİR KAMPANİYASI VÜSƏT ALIB
Digər müəssisələr kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin tərkibindəki elektrik şəbəkələrində də yaz-yay təmir kampaniyasının qızğın çağıdır. Sərt qışın sınağından uğurla çıxan təmirçilər elektrik avadanlıqlarının dayanıqlığı üçün zəruri olan tədbirləri həyata keçirir, transformator məntəqələrində, yarımstansiyalarda və elektrik verilişi xətlərində cari və əsaslı təmir işlərini tərtib edilmiş tədbirlər planına uyğun yerinə yetirirlər.
“Qazax Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, qış mövsümü ərzində istehlakçıların tələbatını normal şəkildə ödəyən şəbəkənin kollektivi yaz fəslini yüksək əzmkarlıqla qarşılayıblar. Son üç ay ərzində yeni quraşdırılmış birfazlı sayğacların sayı 90-a yaxın olub. 180-ə yaxın birfazlı sayğac isə yeniləri ilə əvəz edilib. 0,4 kV-lik SİP kabeli (0,5 km) və təmir kampaniyası zamanı 0,4 kV-lik AVVQ kabeli (0,57 km) yeni quraşdırılıb. 6-10 və 0,4 kV-lik dayaqların 25-i yeniləri ilə dəyişdirilib. TM-lərin 15-i təmir olunub. Həmçinin 6-10 və 0,4 kV-lik EVX-lərin müəyyən hissəsində (2,3 km) carı təmir aparılıb.
“Şəmkir Elektrik Şəbəkəsi”ndən əldə edilən məlumatda isə bildirilir ki, şəbəkənin kollektivi ilin ilk rübündə rayonun enerji təsərrüfatında müəyyən işlər həyata keçirib. Yazın gəlişi görüləcək işlərin həcmini qat-qat artırıb. Rayon ərazisində birinci rübdə yeni quraşdırılmış sayğacların sayı 160-a yaxın, dəyişdirilmiş sayğacların sayı isə 150-dən çox olub.
Şəbəkənin enerji təsərrüfatındakı 6-10 kV-lik və 0,4 kV-lik xətlərdə, ümumilikdə 10,5 km-ə yaxın məsafədə təmir işləri aparılıb. Bu müddət ərzində TM-lərin 29-da təmir yekunlaşıb. Bundan əlavə, təmir çərçivəsində rayonun enerji təsərrüfatındakı transformatorlara zəruri miqdarda yağ əlavə edilib, 40 kq AS-35 naqili istifadə olunub, AVVQ kabelinin çəkilişi isə 870 metrdən artıq olub. Bir ədəd 10 kV-lik xətt ayırıcısı qoyulub. Şəbəkədə yenidənqurma və təmir prosesi davam edir.