ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
“Ağdaş Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən yenidənqurma və təmir-tikinti işləri cari iln son üç ayında da uğurla həyata keçirilmişdir. Belə ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Dəhnəxəlil”, “Pirkəkə” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 4,5 kilometr xətt də təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə 0,4 kV-lik xətlərin isə 7 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır. Buraya şəhərin “20 yanvar” və “İstiqlal” küçələrində, “Aralbir”, “Yuxarı Ləki” və s. kəndlərdə olan 0,4 kV-lik xətlər aiddir. Qeyd edək ki, təmir işləri TM və KTM-lərdən də yan ötməmişdir. Belə ki, hesabat dövründə balans mənsubiyyətinə aid olan 6 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümüumi gücü 1 MVA-dan artıq olan üç transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Onu da qeyd edək ki, hazırda mövsümə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, həm transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir.
“İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 53 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir. Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə burada 50-ə yaxın qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 153,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 6,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 888 min kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 514 min kilovatsaatdan çox artaraq 3,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 9 faizə yaxın artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə istehlak 21,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 9 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 12,8 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2013-cü ildəki istehlakdan 1,3 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 8 faizdən çox artmışdır.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.