İSTİSMAR SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK ÜÇÜN...
“Azərenerji” ASC-nin tərkibindəki rayon və şəhər enerji təchizatı müəssisələri cari ilin birinci rübünə yekun vurublar. Bu müddətdə elektrik enerjisinin istehlakçılara daha da dayanıqlı və keyfiyyətli ötürülməsi, xətt və avadanlıqların, yarımstansiyaların istismar səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülüb.
“Agcabədi Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Agcabədi respublikasının inkişaf etmiş iqtisadi rayonlarından biridir. 2014-cü ilin ötən üç ayı ərzində rayonda şəbəkəyə 1085 yeni istifadəçi qoşulub. Onlar müvafiq qaydada sayğac-uçot komplekti ilə təchiz ediliblər. Bununla yanaşı, şəbəkə üzrə 280-ə yaxın sayğac yenisi ilə əvəz olunub. Rayon ərazisində 20 transformator təmirdən çıxarılıb. Birinci rübdə enerji təsərrüfatının 10 və 0,4 kV-lik xətlərində 20-yə yaxın dayaq yenisi ilə əvəzlənib. 440 metrdən artıq SİP kabel çəkilib. 35 kV-lik hava xəttinin 2 dayağı və AS-95 markalı 720 metr naqil dəyişdirilib. Həmçinin 700 metr AS-50 markalı naqil 10 kV-lik xətdə yenisi ilə əvəz olunub.
“Tovuz Elektrik Şəbəkəsi”ndən əldə edilən məlumatda qeyd edilir ki, rayon mərkəzində və kəndlərdə son üç ay ərzində 130-dan artıq birfazlı sayğac quraşdırılıb. 260-a yaxın sayğac isə yeniləri ilə əvəzlənib. 6-10 kV-lik dayaqlardan 25 ədədi dəyişdirilib. Həmçinin 6-10 və 0,4 kV-lik EVX-in 7 kilometri təmir olunub və 34 transformator məntəqəsi təmir edilib. Mənbənin verdiyi digər məlumata görə, hava elektrik xətlərində də cari və əsaslı təmir işləri görülüb. 110 kV-lik "Tovuz" yarımstansiyasındakı 16 MVA-lıq transformatorun 6 kV-lik giriş yag açarının, 35 kV-lik "Tovuzçay", "Qovlar", "Yuxarı Öysüzlü" hava xətlərinin yağ açarlarının təmiri həyata keçirilib. Bununla yanaşı, 110 kV-lik "Qovlar" yarımstansiyasında 10 kV-lik "Dönük Qırıqlı", "İbrahimhacılı", "Alakol" hava xətlərinin yağ açarlarının təmiri də baş tutub. 35 kV-lik "Ağdamkənd" yarımstansiyasında 6 kV-lik "Ağdam" hava xəttinin yağ açarları əsaslı təmir olunub.
35 kV-lik "Əhmədabad", 110 kV-lik "Günəşli", 35 kV-lik "Mülüklü", 35 kV-lik "Tovuzçay", 35 kV-lik "Qandallar" yarımstansiyalarından çıxan müxtəlif istiqamətli hava xətlərinin də yağ açarları təmirdən çıxarılıb.