YARDIMLI EŞ DƏ YENİDƏNQURMA İŞLƏRİ HƏYATA KEÇİRİLİR

Image

İstehlakçıları daha da  dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə  təchiz etmək, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə  digər rayonlarda olduğu kimi, Yardımlı rayonunun da paylayıcı elektrik şəbəkələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçirilir. Nəticədə istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin daha da yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda itkilərin, ən əsası isə kommersiya itkilərinin qarşısının alınmasına nail olunur.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Yardımlı Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri davam etdirilir. Belə ki, cari ilin I rübü ərzində balans mənsubiyyətinə aid olan 10-dan artıq transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan elektrik verilişi xətlərindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 10 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri çərçivəsində sözügedən xətlərin 4,7 kilometrə yaxını əsaslı və cari təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 3 kilometrində təmir işləri həyata keçirilmiş və müəyyən məsafədə hava xətləri SİP markalı kabellə əvəz edilmişdir. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik EVX-lərdə ümumilkdə 30-a yaxın dayaqda yenisi ilə əvəzlənmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 36 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 141,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin mart ayında 8 qayda pozuntusu  faktı aşkar olunmuş, 22,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisə üzrə 1,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 134 min kilovatsaat çoxdur.  Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödəniş mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 1,2 milyon kilovatsaata və 73 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizdən çox olmuşdur. Yeri gəlmişkən, müəssisə üzrə cari ilin I rübü ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 5,1 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 856 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 10 faizdən çox olmuşdur. O cümlədən daimi əhali qrupunda istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 604 min kilovatsaata yaxın artaraq 3,9 milyon kilovatsaata, ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur.