“AZƏRBAYCAN İES”: BİRİNCİ RÜBÜN YEKUNLARI
Ölkə energetikasının flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda 2014-cü ilin birinci rübü uğurla yekunlaşıb. Hesabat dövründə enerji blokları və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi istiqamətində qrafikə uyğun işlər davam etdirilmişdir. Bununla yanaşı, texniki tələblərə uyğun olaraq aparılmış profilaktiki yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji blokları və avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimləri təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla enerji istehsalı üzrə verilən tapşırıqları artıqlamasilə yerinə yetirilib.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, burada rüb ərzində 2 milyard 119,4 milyon kilovatsaat enerji istehsal edilərək ölkə enerjisisteminə ötürülüb. O cümlədən, nur istehsalçıları mart ayında isə 766,7 milyon kilovatsaatdan çox enerji istehsal ediblər.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sözügüdən dövrdə də elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da bildirdi ki, hazırda stansiyada 6 enerji bloku işdədir və dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində orta hesabla 25-27 milyon kilovatsaat elektrik enerjisi istehsal edilir. Bir enerji bloku ehtiyatda, 5 nömrəli enerji bloku isə əsaslı təmirdədir.