NƏZƏRDƏ TUTULAN IŞLƏR ARDICILLIQLA YERINƏ YETIRILIR
«Mingəçevir REŞ»-in kollektivi ötən ili uğurla yekunlaşdırıb. Müəssisənin respublikamızın müxtəlif regionlarında olan obyektlərindəki yüksək gərginlikli xətt və yarımstansiyalarında görülmüş işlərə nəzər yetirilir, günün tələbinə uyğun olaraq zəruri tədbirlər həyata keçirilir. «Mingəçevir REŞ» MMC-nin xidməti ərazisində enerji təchizatı müəssisələrinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə balans mənsubiyyətində olan yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilib, o cümlədən itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər görülüb.
“Ötən ildə yüksək gərginlikli elektrik təsərrüfatında yeniləşmə prosesini davam etdirmişik. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan I və II “Abşeron”, I, II və VI “Mingəçevir”, o cümlədən “Qəbələ” elektrik verilişi xətləri xüsusi diqqət mərkəzində saxlanılıb, müntəzəm şəkildə bu hava xətlərinin metal dayaqları müəssisəmizin xətt işçiləri tərəfindən təftiş edilib və aşkar olunan nasazlıqlar operativ qaydada aradan qaldırılıb, - deyən «Mingəçevir REŞ»in məsul işçisi “Azərenerji” ASC-nin Mətbuat xidmətinə onu da bildirdi ki, şəbəkənin istifadəsində olan xeyli sayda güc, gərginlik və cərəyan transformatoru, yağ və vakuum açarları, o cümlədən, giriş izolyatorları və digər istifadədə olan elektrik avadanlıqları sınaqdan çıxarılıb və aşkar olunan qüsurlar aradan qaldırılıb.
“Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin kollektivi başa vurduğumuz ildə Yevlax, Ağcabədi, Bərdə, Ağsu, Qəbələ rayonlarında, habelə Mingəçevir və Naftalan şəhərlərində yerləşən yüksək gərginlikli yarımstansiyalarda və hava xətlərində xeyli miqdarda cari və əsaslı təmir işləri həyata keçirib. Nəzərdə tutulan payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı yerinə yetirilib. Profilaktiki və qabaqlayıcı tədbirlər həyata keçirilib.
Mənbənin bildirdiyinə görə, respublika enerji sisteminin ana xəttini təşkil edən 330 kilovoltluq birinci və 500 kilovoltluq ikinci “Abşeron” hava xəttinin yarıdan çoxu Mingəçevir şəbəkəsinin xidmətindədir. 330-500 kV-lik, habelə 220 və digər yüksək gərginlikli hava xətlərində il boyu sınaq işləri aparılıb və onların texniki istismar səviyyəsi yaxşılaşdırılıb. Aralıq dayaqlarda izolyatorlar dəyişdirilib, sıradan çıxmış künclüklərdə qaynaq işləri aparılıb. Analoji işlər yarımstansiyalarda, transformator məntəqələrində də həyata keçirilib. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənib.
Müəssisənin təmirçilər briqadaları 110/35/6 kV-lik «Şəhər» yarımstansiyasında 2 nömrəli 63 MVA transformatorun 35 kV-lik giriş yağ açarını, 110 kV-lik eleqaz açarını və 35 kV-lik giriş yağ açarını təmirdən çıxarıblar. Onu da bildirək ki, təkcə ötən ilin son bir ayında 110, 220, 330 və 500 kilovoltluq yüksək gərginlikli hava xətlərinin ümumilikdə 14 km-ə yaxın hissəsində əsaslı təmir işləri görülüb. 500 kV-lik II «Abşeron» hava xəttinin 3,8 kilometrində təftişdən sonra qüsurlar aradan qaldırılıb.
“Bir sözlə, xidmətimizdə görülən işlər ürəkaçandır. Çalışmışıq ki, yüksək gərginlikli hava xətlərində, yarımstansiyalardakı qurğu və avadanlıqlarda daim yeniləmə işləri aparaq və onların dayanıqlığını, istismar səviyyəsini yüksəldək”, - deyən mənbə onu da bildirdi ki, görülmüş işlər enerji təchizatı müəssisəsində daha keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji verilişinə müsbət zəmin yaradır.