TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR

Image

Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Şəki” elektrik stansiyasıdır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən müəssisədən “Azərenerji”  ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin I rübü ərzində burada 79,7 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. O cümlədən mart ayında isə enerji obyektində 24,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki,  avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin I rübündə də stansiyanın digər texniki iqtisadi göstəricilərində qənaətbaxş nəticələr əldə olunmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata uyğun növbəti texniki qulluq işləri həyata keçirilmişdir.

Onu da qeyd edək ki, digər müəssisələr kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır.

Sonda onu da qeyd edək ki, işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir. Müəssisənin işçi personolı tərəfindən iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmişdir. Xatırladaq ki, 10 aqreqatdan ibarət olan bu elektrik stansiyasının ümumi gücü  87 MVt-dır.