İSTEHLAKÇILAR XİDMƏTDƏN RAZIDIRLAR

Image

Son dövrlər “Sabirabad Elektrik Şəbəkəsinin (EŞ) enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Rayonun bütün istehlakçı qrupları sutka ərzində daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.

“Sabirabad” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məq­sədilə paylayıcı şəbəkələrdə həyata keçirilən yenidənqurma işləri cari ilin I rübündə də uğurla davam etdirilmişdir. Belə ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik II-III “Şəhər”, “RTS”, “Kovlar” və s., 6 kV-lik “Ətcələr”, “Həşimxanlı” hava xətlərinin ümumilikdə 6 kilometrdən artıq hissəsi təmir edilmişdir. Eyni zamanda rayonun Kürkəndi, Xəlfəli, Şəhriyar və digər bir neçə kəndlərində, həmçinin Sabirabad şəhər ərazisində onlan 0,4 kV-lik xətlərin isə ümumilikdə 8 kilometrə yaxını əsaslı və cari təmir olunmuşdur.

Qeyd edək ki, bütün yarımstansiyaların və transformator məntəqələrinin ərazisi quru otlardan təmizlənib, transformatorların yağ tutumlu avadanlıqlarında yağın səviyyəsi normal səviyyəyə çatdırılıb, həmçinin yağ sızmalarının qarşısı alınıb.  50-dən artıq müxtəlif gücdə transformator əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur. Bütün bunlarla yanaşı hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib, boşalmış naqillər dartılmış və dayaqlar düzləndirilmişdir. Mənbə onuda bildirdi ki, hazırda istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər davam etdirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar elektrik enerjisindən istifadə hallarına da təsadüf edilir. Belə ki, cari ilin I rübü ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı  530 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş,  1 milyon 501,1 min kilovatsaatdan artıq iti­rilmiş elektrik enerjisinin 90,1 min manata yaxın istehlak dəyəri bər­pa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məb­ləğin 80 faizdən artıq his­səsinin ödənişi təmin edilmiş və qa­lan hissənin ödənilməsi istiqamə­tində müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 140-dan artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşakar edilərək 440,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 26,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Yeri gəlmişkən şəbəkənin SİP-ləşdirilməsi, «smart-kart» tipli sayğacların quraşdırılması müəssisə üzrə elektrik enerjisinin istehlak dəyərinin ödənilməsidə və enerji təchizatının daha da yaxşılaşmasında ciddi irəliləyişlərə səbəb olub. «Smart-kart» tipli say­ğacların quraşdırıldığı ərazilərdə ötürücü və paylayıcı avadanlıqların ifrat yüklənmə halları minimum səviyyəyə düşmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçılar yeni sayğacların quraşdırılmasını razılıq hissi ilə qarşılayırlar.

 

Mənbə onu da bildirdi ki, cari ilin I rübü ərzində müəssisənin xidməti ərazisində 71,2 milyon kilovatsaata yaxın,  o cümlədən daimi əhali qrupu tərəfindən isə 46,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 2,5 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4.5 milyon kilovatsaata yaxın azalmışdır.  Onu da qeyd edək ki, cari ilin mart ayında müəssisə üzrə 25,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 14.2 faiz artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın azalaraq 14,8 milyon kilovatsaatdan çox olmuşdur. Sonda onu da qeyd edək ki,  enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.