QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Image

Yaz-yay fəslində ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alır. Avadanlıqların ifrat yüklənmədən və havanın yüksək temperaturunun təsirindən qorunması üçün zəruri tədbirlər həyata keçirilir. “Saatlı Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə bu enerji təsərrüfatının mövcud vəziyyəti barədə daxil olan məlumatda belə qeyd edilir.  Mənbənin bildirdiyinə görə, cari ilin I rübü ərzində EŞ-in xidməti ərazisindəki 6 kV-lik “Sabir”, 10 kV-lik “Nərimanov-Vətən”, “Su kəməri”, “Qazanbatan” və digər hava xətlərində (HX) aparılmış təmir işləri çərçivəsində ümumilikdə sözügedən xətlərin 4 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin isə 4,2 kilometrə yaxın hissəsi təmir edilmişdir. Müvafiq işlər rayonun Qaraçalar, Məzrəli, Sarcalar və digər kəndlərində və Saatlı şəhəri ərazisində də həyata keçirilmişdir. Qeyd edək ki, paylayıcı şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri aparılmış və hesabat dövründə balans mənsubiyyətinə aid olan 40-a yaxın müxtəlif güclü transformatorda təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 85 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 283,1 min kilovatsaata ayxın itirilmiş elektrik enerjisinin 17 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 78 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.  Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 310-a yaxın qayda pozuntusu faktı aşkar edilərək 700 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 42 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 75 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda  aşkar edilmişdir.

Mənbə onu da qeyd etdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 8,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,2 milyon kilovatsaata yaxın azdır. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 12 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 938 min kilovatsaatdan çox azalaraq 7,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 9 faiz olmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin I rübü ərzində isə burada 29,5 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,5 milyon kilovatsaatdan çox azalmış, ödəniş isə mütləq 9 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon kilovatsaata yaxın azalaraq 22,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur.