TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

Müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, 12 aqreqatdan ibarət 105 MVt-lıq “Bakı” elektrik stansiyasında aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyətini davam etdirir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin mart ayında 45,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin I rübü ərzində isə stansiyada 131,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, təftiş-təmir işləri stansıyanın təmir briqadası tərəfindən aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, son üç ay ərzində də stansiyada təmir işləri aparılmış, təmir qrafikinə uyğun olaraq on aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri aparılmışdır. Eyni zamanda generatorlarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, stansiyanın elektrik avadanlıqlarına da texniki baxışlar keçirilmiş və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri aparılmışdır.

Yanğın təhlükəsizliyi məsələsinin, abadlıq işlərinin də daima diqqət mərkəzində saxlanıldığını deyən mənbə əlavə etdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.