YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndən (YGEŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Sumqayıt şəhərinin təxminən yarıdan çox hissəsinin elektrik enerjisi ilə təmin olunmasında xüsusi yeri olan “Sumqayıt-2” yarımstansiyasında 10 kV-lik hissədəki yağ açarlarının 7 ədədi “Sumqayıt Tex­nologiyaları Parkı”nda (STP) istehsal olunmuş müasir vakuum açarları ilə dəyişdirilib. Hazırda  açarların daha 12 ədədinin dəyişdirilməsi prosesi gedir. Qa­lan az hissənin ilin sonuna kimi yeniləşdirilməsi nəzərdə tutulur.  Bun­dan başqa, orada 10 kV-lik yeni qapalı paylayıcı quruluşun layihələndirilməsinə başlanıb.

“Kimyaçılar” yarımstansiyasında da vakuum açarları yenilənmişdir. Bu il 35 kV-lik hissədə eleqaz açarların quraşdırılması nəzərdə tutulub. 110 kV-lik tərəfdə isə layihə əsasında iki bölmə yaradılmalı, eleqaz açarları quraşdırılmalı və 35/10 kV-lik qapalı paylayıcı quruluş yaradılmalıdır.

Akkumulyator batareyalarının dəyişdirilərək yenilərinin quraşdırılması da prioritet istiqamətlərdəndir. Bu işlərin cari ildə “Xəzri”, “Sulfanol” və “Sənaye qovşağı” yarımstansiyalarında icrası planlaşdırılır. Hazırda 110/35/6 kV-lik “Sul­fanol” yarımstansiyasının yenidən qurulması ilə bağlı layihənin hazırlanması işlərinə başlanıb.

Müsahibimiz 110/35/10 kV-lik “Xırdalan” yarımstansiyasının ti­kintisi ilə əlaqədar da yeni layihə hazırlandığını bildirdi. Bu obyektin mövcud 220 kV-lik “Xırdalan” yarımstansiyasından Xırdalan şə­hərinə bir qədər yaxın ərazidə ti­kilməsi planlaşdırılıb. Layihənin re­allaşdırılması mövcud yarımstansiyanın yükünü azaltmaqla yanaşı, eyni zamanda tələbatçılara ötürülən elektrik enerjisinin keyfiyyətinin daha da yüksəlməsinə əhəmiyyətli təsirini göstərəcək.