SƏNGƏÇAL YARIMSTANSİYASININ GÜCÜ ARTMIŞDIR

Image

Tələbatçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qabaqlayıcı tədbirlər davam etdirilir. Abşeron yarımadasının, o cümlədən paytaxt­ətrafı ərazilərin elektrik enerjisi ilə təminatında mühüm rolu olan “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə də (REŞ) bu istiqamətdə tədbirlər görülməkdədir. Tərkibində Bakı və Abşeron şəbəkə sahələrini birləşdirən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, REŞ-in balans mənsubiyyətinə aid olan enerji obyektlərində son üç ay ərzində icra edilmiş, eyni zamanda icrasına start verilmiş tədbirlər ötürücü şəbəkənin dayanıqlığının təmin olunmasına xidmət edir.

Mənbənin bildirildiyinə görə, 220 kV-lik “Şəngəçal” yarımstansiyasının gücünün artırılması, buradan qidalanan tələbatçıların daha keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün məqsəd­yönlü tədbirlər icra olunmuşdur. Belə ki, 1 saylı 125 MVA avtotrasformator yeni 200 MVA-lıqla əvəzlənmişdir. Hazırda açıq paylayıcı quruluşda (APQ) yenidənqurma işləri davam etdirilir.

Mənbəyə istinadən qeyd edək ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsasında 220 kV-lik APQ-də  yenidənqurma işləri davam etdirilir.  Eyni zamanda, Bakı şəhərinin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığının  daha da möhkəmləndiril­mə­si məqsədilə 220 kV-lik “Müş­fiq” yarımstansiyasında 110 kV-lik APQ-də xətt ayrıcıları yenisi ilə əvəz olunmuşdur. Idarəetmə məntəqəsində isə idarəetmə lövhələrinin yenisi ilə əvəz olunması işləri davam etdirilir. Bütün bunlarla yanaşı 220 kV-lik “Nizami” yarımstansiyasında 110 kV-lik QPQ-də yağ açarları eleqaz açarlarla əvəz edilmişdir.

Yeri gəlmişkən, sözügedən dövrdə  “8-ci km” yarımstansiyasında 10 kV-lik qapalı paylayıcı quruluşun “QPQ) tikintisinə başlanmış, eyni zamanda 31,5 MVA transformatorun 10 kV tərəfində reaktor quraşdırılmışdır. 220 kV-lik “Zabrat” yarımstansiyasında isə 110 kV-lik kabel xətlərinin tikintisi davam etdirilir.

Qeyd edək ki, həyata keçirilən tədbirlərin siyahısına 220 kV-lik “Xırdalan”, “Səngəçal”, “Hövsan” və digər, 110 kV-lik “Əhmədli”, “Suraxanı” yarımstansiyalarında aparılan yenidənqurma və təmir işləri də daxildir. Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində təmir qrafikinə uyğun əsaslı və cari təmir işləri keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda 110 kV-lik I “Zığ” hava xəttinin (HX) yenidənqurulması davam etdirilir. Eyni zamanda 500 kV-lik II Abşeron”, 330 kV-lik I və VIII “Abşeron”, IV “Şirvan” HX-lərində yenidənqurma və müxtəlif təyinatlı təmir işləri davam etdirilir.

Sonda onu da qeyd edək ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıq­ların ətrafı çirkli yağ örtüyündən təmizlənib. Eyni zamanda, mü­hafizə avadanlıqları və ölçü cihazları təftiş edildikdən sonra aşkarlanan qüsurlar aradan qaldırılıb. Eləcə də bütün yarımstansiyalar ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, yeni istismara verilən bütün transformatorlara avtomatik yanğınsöndürmə qurğusu qu­raşdırılıb.