STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verimiş alternativ enerji mənbələrindən biri də gücü 25 MVt olan “Füzuli Su Elektrik Stansiyası”dır. Sözügedən enerji müəssisəsinin istismara verilməsi pik güclərinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Onun bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi sisteminin sabit işləməsinin təmin edilməsində rolu böyükdür.  Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin yanvar ayında 970 min kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, 2015-ci il ərzində isə stansiyada 36,4 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də cari ilin yanvar ayında elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.

Onu da qeyd edək ki, burada mövsümə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, “Füzuli” SES regionların inkişafı proqramı çərçivəsində inşa edilmiş yeni hidrogenerasiya  qurğusudur. Qurğu üçün Baş Mil kanalı üzərində böyük tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda, digər xətt vasitəsilə Baş Mil kanalına yönəldilir.