YENİDƏNQURMA İŞLƏRİ VƏ REYDLƏR DAVAM EDİR

Image

“Enerjisistemin bütün müəssisələri kimi bizim müəssisənin də balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM), elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi olaraq davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri, yanğından mühafizə sistemlərində avtomatik qurğuların quraşdırılması işləri də günün tələbləri səviyyəsində yerinə yetirilir”. Bu barədə “Qəbələ Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda qeyd edilir və bildirilir ki, son üç ayı ərzində 10 kV-lik I-III “Şəhər”, “Zarağan” və digər bu qəbildən olan EVX-lərin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif təyinatlı işlər həyata keçirilmiş, o cümlədən 5 kilometrə yaxın xətt təmir edilmişdir. Bundan əlavə sözügedən dövrdə Bum, Nic qəsəbələrində, Mıxlıqovaq və digər bir neçə kənddə 0,4 kV-lik xətlərdə aparılan yenidənqurma və təmir işləri çərçıvəsində həmin bu xətlərin 2 kilometrdən artıq hissəsi təmir olunmuşdur.  Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 3 TM-də də müxtəlif təyinatlı təmir işləri də həyata keçieilmişdir.

“Bu günə kimi yerinə yetirilən məqsədyönlü tədbirlərə baxmayaraq, bir çox istehlakçılar enerji israfçılığına yol verir və sonda sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri qanuni istifadə edirlər. Qayda pozuntularının müəyyən edilməsi, onların qarşısının alınması istiqamətində mütəmadi reydlər keçirilir, bu istehlakçılara qarşı daha sərt tədbirlər görülür və bundan sonra da görüləcəkdir”, – deyən mənbə aşkar edilmiş qayda pozuntularına görə görülmüş tədbirlərdən də danışdı.  Mənbəyə istinadən qeyd edək ki, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 29 qayda pozuntusu aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 65,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 47 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 2 ayı ərzində  burada 35 qayda pozuntusu aşkar edilərək 88,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Qayda pozuntularının xarakterindən və istehlakçı qrupu üzrə təsnifatından söz açan mənbə elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halının üstünlük təşkil etdiyini və ən çox qayda pozuntusunun  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edildiyini bildirdi.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, cari ilin 2 ayı ərzində müəssisə üzrə ümumi istehlak 18,7 milyon kilovatsaata, o cümlədən fevral ayında isə 8,9 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 2 ayı ərzində istehlak 4 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 35 faizə yaxın olmuşdur.  O cümlədən, fevral ayında isə istehlak 1,5 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 56 faiz artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 2 ayında daimi əhali istehlakçıları üzrə 7,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 520 min kilovatsaat çoxdur. Ödəniş isə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, fevral ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 479 min kilovatsaat azalaraq 3,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 15 faizə yaxın olmuşdur.