ZƏRURİ TƏDBİRLƏRİN GÖRÜLMƏSİ İSTİSMAR SƏVİYYƏSİNİ YÜKSƏLDİB

Image

Bütün aidiyyati energetika müəssisələrində enerjisistemin dayanıqlılığının daha da möhkəmləndirilməsi, ötürülən elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə tərtib olunmuş tədbirlər planında nəzərdə tutulmuş təmir-sazlama və sınaq işləri uğurla yerinə yetirilir. Ümumiyyətlə, tələbatçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması energetiklərin qarşısında duran mühüm vəzifədir. O cümlədən, Bərdə rayonunda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib.

“Bərdə Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkənin balansında olan 10 kV-lik xətlərdə 7,2 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri görülmüşdür. Eyni zamanda 400 metrə yaxın yeni xətt çəkilmiş, 10-dan artıq dayaq və iki travers quraşdırılmışıdır. Paralel olaraq 1,1 km naqil kabel xətti ilə əvəzlənmişdir. Bütün bunlardan əlavə 210 metr naqil və 4 dayaq dəyişdirilmiş, əyilmiş dayaqlar düzləndirilmiş, xəttin qabariti normallaşdırılmış və trassası yaşıl kütlədən təmişdir.

Qeyd edək ki, sözügedən dövrdə 0,4 kV-lik xətlərdə 5,7 kilometrdən artıq məsafədə  təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 650 mert naqil və iki dayaq dəyişdirilmiş, 11 dayaq isə quraşdırılmışıdır. Bütün bunlarla yanaşı itkilərin azaldılması məqsədilə sayğacların baxış üçün həyətlərdən maneəsiz yerə (çölə) çıxarılması zamanı 1.2 km-ə yaxın kabel xətti də çəkilmişdir. Onu da qeyd edək ki, sözügedən dövrdə  şəbəkənin balansında olan 40-dan artıq transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir transformatorda əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Mənbə onu da bildirdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbir görülür. Belə ki, cari ilin iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 370-dən artıq istehlakçının (bunun 331-i məişət abonenti (əhali) istehlakçılarına aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 1 milyon 150,5 min  kilovatsaata yaxın (bunun 835,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir)  itirilmiş elektrik enerjisinin 69 min manatdan çox  istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 97 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə işlər davam etdirilir. Yeri gəlmişkən, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 265 qayda pozuntusu (bunun 236-ı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 754,8 min  kilovatsaata yaxın (bunun 615,8 min kilovatsaatı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 45,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 85 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da qeyd etdi ki, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 21 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,6 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon kilovatsaatdan çox artaraq 7,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 2 ayı ərzində isə burada 42,5 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2.5 milyon kilovatsaata, ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyon kilovatsaata yaxın artaraq 15 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizdən çox olmuşdur.