QƏBƏLƏ REŞ: ŞƏBƏKƏLƏR YENİDƏN QURULUR
“Qəbələ Regional Elektrik Şəbəkəsi”nin (REŞ) balansında olan 35 kV-lik və ondan yuxarı EVX və yarımstansiyalarda yenidənqurma, müəyyən texniki tədbirlər, təmir bərpa işləri davamlı olaraq həyata keçirilir. Yeri gəlmişkən, keçən ilin sonlarından başlayaraq havaların olduqca sərt keçməsi, digər enerji obyektlərində olduğu kimi, bu müəssisədə çalışan energetikləri də sınaqla üz-üzə qoymuşdur. Buna baxmayaraq, müəssisədə cəmləşmiş çoxlu sayda yüksək peşəkarlıq qabiliyyətinə malik olan energetiklər baş verə biləcək hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmüşdülər. Ümumilikdə isə elektrik enerjisinə olan tələbatın proqnozlaşdırıldığından dəfələrlə çox olmasına, sərfiyyatın artmasına baxmayaraq, bölgənin enerji təchizatında bəzi açılma halları istisna olmaqla, nəzərəçarpacaq dərəcədə ciddi problemlər müşahidə edilməmişdir. Yalnız 6-10 kilovoltluq xətlər üzrə müəyyən açılmalar müşahidə edilsə də, sözügedən gərginlikdən daha yüksək gərginlikli xətlər və yarımstansiya avadanlıqlarında belə hallar baş verməmişdir. Bunun da başlıca səbəblərindən biri REŞ-in tərkibinə daxil olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi olmuşdur.
REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkələrin yenidənqurulması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 110 kV-lik “Laza” yarımstansiyasında 10 kV-lik 6 yuva yenilənmiş və şin körpüsünün dayanıqlığı daha da möhkəmləndirilmişdir. Eyni zamanda yeni quraşdırılan 4 yuvanın çoxfunksiyalı elektron rele mühafizə sistemi də yığılmışdır. 110 kV-lik “Göyçay” yarımstansiyasında isə “Qəbələ” HX-nin açarları eleqaz açarlarla əvəz edilmiş, kabel kanalları və boruları yenidən qurulmuş, cərəyan və gərginlik transformatorları sınaqdan keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 110 kilovoltluq “Hacalı”, “Qəbələ”, “İsmayıllı” yarımstansiyalarında müxtəlif gücdə, ümumilikdə 4 transformatorda sınaq işləri aparılmış və aşkar edilmiş çatışmamazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda “Qəbələ” yarımstansiyasında yeni 10 kV-lik yuvalar quraşdırılmış, digər elektrik avadanlıqlarında sınaq işləri aparılmış və 110 kV-lik “Qəbələ” HX-də eleqaz açarı və cərəyan transformatoru quraşdırılmışdır. Bütün bunlarla yanaşı sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Ağdaş”, 35 kV-lik “Pirəzə”, “Pirkəkən” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, REŞ-in xidməti ərazisinə daxil olan şəbəkələrin yenidən qurulması gündəlikdə duran məsələlərdəndir. O cümlədən, balans mənsubiyyətinə aid olan 110/35/10 kV-lik yarımstansiyalarda avadanlıqların dəyişdirilməsi, müasir tipli boşaldıcıların quraşdırılması, “Qəbələ” yarımstansiyasında 35 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) və 110 kV-lik açıq paylayıcı quruluşun (APQ) yenidənqurulması işlərinin başa çatdırılması, 110 kV-lik “İsmayıllı” HX-nin dayaqlarının dəyişdirlməsi və s. yaxın zamanlarda icrasına başlanması nəzərdə tutulur. Şəbəkə üzrə ən ucqar kəndlərin belə enerji təchizatının daha da yaxşılaşdırılması nəzərdə tutulur.
Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır. Müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar. Qeyd edilənlər isə öz növbəsində iş zamanı istənilən arzuolunmaz hadisələrin qarşısının alınmasına səbəb olur.