TEXNİKİ İMKANLAR DAHA DA YAXŞILAŞDIRILIR
Digər enerji müəssisələrində olduğu kimi “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazilərində də yenidənqurma və təmir-bərpa işləri üğurla həyata keçirilir. Rregional müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda REŞ-in tabe müəssisəsi olan “Beyləqan Elektrik Şəbəkəsi” də yenidənqurma işlərinin həyata keçirildiyi enerji obyektləri sırasına daxildir.
Qeyd edək ki, sözügedən EŞ-in xidməti ərazisində enerji təchizatında davamlılığın daha da artırılması məqsədilə son üç ay ərzində 10 kV-lik “Yuxarı Aran”, “Təzəkənd”, 1 və 3 saylı “Şəhər” və digər HEVX-ləri üzrə 6,5 kilometr məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. Analoji işlər 0,4 kV-lik EVX-lər də də aparılmış və normal iş rejiminə gətirilmişdir. Bu tədbirlər sırasına rayonun II “Şahsevən”, “Eyvazalılar”, “Milabad”, “Sarısı” və digər kənd, həmçinin, SMD-4 qəsəbəsi daxildir. Mənbədən verilən məlumata görə, Beyləqan şəhəri də daxil olmaqla adları çəkilən ərazi vahidlərinin HVX-ləri üzrə 4,5 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri aparılıb. Istiafdəçilərin fasiləsiz elektrik təminatının daha da yaxşılaşdırılması məqsədlilə yerinə yetirilən tədbirlər sırasına müxtəlif güclü transformatorlara texniki baxışların keçirilməsi və onların lazımi səviyyədə təmir edilməsi də daxildir. Belə ki, müəssisədən verilən məlumata əsasən, bu məqsədlə Beyləqan rayonu üzrə 40-dan artıq transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Qeyd edək ki, itkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. O cümlədən cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 119 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 265,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 15,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Yeri gəlmişkən, cari ilin iki ayı ərzində isə burada 340-a yaxın qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 656,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 39,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 87 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində 13 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,3 milyon kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 3,8 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 959 min kilovatsaata yaxın azalmış, ödənişdə mütləq artım isə 7 faiz olmuşdur. Onu da qeyd edək ki, cari ilin 2 ayı ərzində müəssisə üzrə istehlak 27,6 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 729 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 8,2 milyon kilovatsaata, 24 min kilovatsaata yaxın və 1 faiz olmuşdur.