İSTİSMAR SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK ÜÇÜN
“Qax Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə daxil olan məlumata görə, təmir qrafikinə uyğun olaraq son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Qorağan”, “AlmalıGüllük” və digər hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumilikdə 4,2 kilometrə yaxın xətt əsaslı təmir edilmişdir. Eyni zamanda sözügedən dövr ərzində 28 transformator məntəqəsində də (TM) təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı yağ tutumlu avadanlıqlara transformator yağı əlavə edilmiş və müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin fevral ayında 3,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da 1,6 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 230 min kilovatsaatdan çox artmış, daimi əhali istehlakçılar qrupunda isə istehlak 214 min kilovatsaata yaxın azalmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 14 faizdən çox artmışdır. Daimi əhali istehlakçılar qrupunda isə bu göstərici 9 faiz olmuşdur. Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 6,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 490 min kilovatsaata yaxın azalaraq 3,6 milyon kilovatsaata yaxın olmuşdur. “İstehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində əhalinin ödənişə cəlb olunması qarşıda duran əsas vəzifələrdəndir”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödəniş 6 faizə yaxın, daimi əhali istehlakçılar qrupunda isə 4 faizdən çox mütləq artmışdır.
Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 75-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 114,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. O cümlədən, cari ilin fevral ayında 45-dən artıq qayda pozuntusu fakt aşkar olunmuşdur. Nəticədə 72,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.