ARAN BÖLGƏSİNİN ENERJİ TƏMİNATI DAHA DA GÜCLƏNDİRİLİR

Image

Son illər paylayıcı elektrik şəbəkələrinin istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gələcəkdə istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi və texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra olunur. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Hacıqabul” EŞ-də də bu istiqamətdə tədbirlər davam edir.

Hacıqabul EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında  dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılmışdır. Bu istiqamətdə işlər son üç ay ərzində də davam etdirilmişdir. Belə ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə aparılmış yenidənqurma və təmir işləri çərçivəsində “Smart” kart tipli sayğacların quraşdırılması ilə əlaqədar olaraq sayğacların girişinə 840 metrə yaxın koaksal kabel çəkilmişdir. Eyni zamanda 1,9 kilometrə yaxın 0,4 kV-lik elektrik verilişi xətləri təmir olunmuşdur. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan TM-lərin 6-da müxtəlif təyinatlı təmir işləri aparılmış, ümumi gücü 610 kVA-dan artıq olan 5 transformator isə əsaslı təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 80-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 184,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə burada 145-dən artıq qayda pozuntusu fakt aşkar olunmuşdur. Nəticədə 572,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 34,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin iki ayı ərzində müəssisə üzrə ümumilkdə 23,4 milyon kilovatsaatdan artıq (daimi əhali qrupunda isə 9,6 milyon kilovatsaatdan artıq), o cümlədən cari ilin fevral ayında isə 11,7 milyon kilovatsaatdan çox (daimi əhali qrupunda isə 5,1 milyon kilovatsaata yaxın) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövri ilə müqayisədə cari ilin iki ayı ərzində ümumi istehlak 1,8 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 995 min kilovatsaata yaxın azalmışdır) artmışdır. O cümlədən fevral ayında isə ümumi istehlak 1,8 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 303 min kilovatsaatdan çox) artmışdır. Ötən ilin müvafiq dövri ilə müqayisədə cari ilin 2 ayı ərzində ümumi ödənişdə mütləq artım 27 faizə yaxın (daimi əhali qrupunda isə 9 faizdən çox), o cümlədən fevral ayında isə ümumi ödənişdə mütləq artım 29 fazə yaxın (daimi əhali qrupunda isə 7 faiz) olmuşdur.