İSTEHSAL DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR
Dövlət Başçısının diqqət və qayğısı sayəsində ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz Elektrik Stansiyası”nın (ES) ardından "Şahdağ" ES-in tikilərək istismara verilməsi böyük əhəmiyyət kəsb etmişdir. Həmçinin, bu generasiya gücü bölgədə mövcud olan turizm potensialından daha səmərəli istifadə edilməsi üçün münbit infrastrukturun yaradılmasına yönəlib, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm rola malikdir.
Sözügedən elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlarda nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq, son üç ay ərzində də vaxtında göstərilmişdir.
Yeri gəlmişkən, cari ilin iki ayı ərzində müəssisədə elektrik enerjisi istehsalı 77 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, fevral ayında isə 39,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. 2013-cü il ərzində isə burada 303,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində hesabat dövründə elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, ümumiyyətlə stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.
Xatırladaq ki, ümumi gücü 105 MVt olan bu elektrik stansiyası 12 ədəd porşen tipli aqreqatdan ibarətdir.