BAĞLAR EŞ: REYDLƏR VƏ YENİDƏNQURMA İŞLƏRİ DAVAM EDİR

Image

“Bağlar Elektrik Şəbəkəsi”nin əməkdaşları son üç ay ərzində şəbəkənin inzibati ərazisinə daxil olan 6 və 10 kV-luq hava xətlərində təmir – bərpa, yeniləmə, dəyişdirmə işləri aparılmışdır. Belə ki, hava xətlərinin zədəli dayaqları dəyişdirilmiş, əyilmiş dayaqlar düzəldilmiş, naqillər tarımlanmış, müxtəlif güclü transformatorlar cari təmir edilmiş, ayrı-ayrı fiderlərin yağ açarları əsaslı təmir olunmuşdur.

Sözügedən EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, müəssisənin xidməti ərazisində elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması üçün mütəmadi reydlər keçirilir. Belə ki, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 27 qayda pozuntusu (bunun 24-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 31,5 min  kilovatsaata yaxın (bunun 27,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Yeri gəlmişkən, cari ilin 2 ayı ərzində keçirilmiş reydlər zamanı 90-a yaxın istehlakçının (bunun 79-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 139,8 min kilovatsaata yaxın (bunun 114,8 min kilovatsaata yaını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 8,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxını ödənilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasında sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə halına daha çox rast gəlinir. Mənbədən son üç ay ərzində həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, müəssisənin balans mənsubiyyətinə aid olan III-IV “Bağ”,  və digər 6 kV-lik HX-də dayaqlar basdırılmış və xətt bərpa olunmuşdur. 4 km-dən artıq xət isə təmir edilmişdir. Mənbə onu da bildirdi ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator və komplekt transformator məntəqələrində də (TM və ya KTM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 20-dən artıq TM-də avadanlıqlar təmir olunmuş, ümumi gücü 1000 kVA-dan artıq olan beş transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Yeri gəlmişkən, 6 kV-lik “Fider-4”, “Goradil bağ” və “Bağ-4” HX-lərdən qidalanan üç KTM-də istismara verilmişdir. Eyni zamanda “Mehdiabad-1” HX-dən qidalanan gücü 160 kVA olan bir transformator 400 kVA ilə əvəz edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, yanğın təhlükəsizliyi tədbirlərinə uyğun olaraq TM-də, paylayıcı quruluşda, xətlərin mühafizə zonalarında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısının vaxtında alınması məqsədilə daimi baxışlar keçirilir və aşkar edilmiş nöqsanlar təcili aradan qaldırılır.

Mənbə onu da qeyd etdi ki, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 14,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 765 min kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 20 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın artaraq 10,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 35 faizdən artıq olmuşdur.   Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 2 ayı ərzində isə burada 31,6 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 15 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon kilovatsaata yaxın artaraq 21,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 20 faizə yaxın olmuşdur. Sonda onu da qeyd edək ki,  enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.