“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR
Respublika enerji sisteminin bütün obyektlərində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında (ES) da növbəti planlı istismar həddinə uyğun aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir. Stansiya işə başladığı gündən bu günə kimi (01.03.2014-cü ilə kimi) 2 milyard 555 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, qışın sınaqlarından üzü ağ çıxan kollektiv cari ilin fevral ayında da yaxşı işləmiş və 21,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, müəssisə cari ilin iki ayında da dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 43,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində isə stansiyada dispetçer qrafikinə uyğun olaraq 259,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilmişdir. Mənbə onu da bildirdi ki, son üç ay ərzində 7 aqreqatda texniki qulluq işləri yerinə yetirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnoz tapşırıqların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Sonda onu da qeyd edək ki, digər enerji müəssisələrində olduğu kimi, burada da yanğın əleyhinə tədbirlər daim diqqət mərkəzindədir. Son üç ay ərzində yanğın su nasosxanalarındakı nasoslara və ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır. Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Astara” elektrik syansiyası 10 aqreqatdan ibarətdir.