QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
Ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alıb. Avadanlıqların ifrat yüklənmədən qorunması üçün zəruri tədbirlər həyata keçiririb.
“Gədəbəy Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 KV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, burada istismar işləri nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın yaxşılaşdırılması baxımından müsbət təsirə malikdir. Müəssisənin xidməti ərazisində son üç ay ərzində isə 10 və 6 kV-lik hava xətlərin 3,5 kilometrdən artıq hissəsi təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri zamanı həmin bu xətlərin 4,6 kilometrdən artıq hissəsi təmir olunmuşdur. Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 16-da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
“Ümumiyyətlə, sözügedən müəssisənin elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur. Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 20 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 96,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin 2 ayı ərzində keçirilmiş reydlər zamanı 40-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 212,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin fevral ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 240 min kilovatsaat artaraq 3,1 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 265 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. Qeyd edək ki, cari ilin iki ayı ərzində isə müəssisə üzrə ümumilikdə 6,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 766 min kilovatsaatdan çox artmış, ödənişdə isə 1 faizə yaxın mütləq artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 4,9 milyon kilovatsaatdan artıq, 709 min kilovatsaata yaxın və 3,4 faiz olmuşdur.