UCQAR KƏNDLƏRDƏ DƏ ŞƏBƏKƏ YENİDƏN QURULUR
Yeni texnologiyaların tətbiqi - SİP kabel və smart-kart tipli sayğacların quraşdırılması rayonda elektrik enerjisi təchizatının köklü şəkildə yaxşılaşdırılmasına imkan yaradıb. “Saatlı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə məlumat verərkən bildirdilər ki, rayon mərkəzində, Mustafabəyli, Qıraqlı, Bəylik, Saatlıkənd və Mollavayızlı kəndlərində paylayıcı şəbəkənin yenidən qurulması başa çatdırılıb.
Hazırda yenidənqurma tədbirləri ucqar kəndlərdən olan Azadkənddə davam etdirilir. Artıq burada yeni xətlərin çəkilişi yekunlaşdırılıb və sayğaclar qoyulub. Tezliklə yeni avadanlıqların şəbəkəyə qoşulması təmin ediləcəkdir.
Qeyd edək ki, paylayıcı şəbəkələrin yenidən qurulması istehlakçıların elektrik enerjisi ilə daha da keyfiyyətli və dayanıqlı təminatı üçün möhkəm zəmin yaradır. Yenidənqurma prosesi davam etdirilməklə yanaşı, mövcud elektrik verilişi xətlərinin və avadanlıqların normal istsmar vəziyyətində saxlanılması üçün də tədbirlər görülür. Rayon elektrik şəbəkəsində tərtib edilmiş tədbirlər planına əsasən, 110/35/10 kV-lik “Saatlı-Dartı” yarımstansiyasında 16 MVA-lıq 1 saylı transformatorun mühafizə, avtomatika və idarəetmə dövrələrinin yığılması, eləcə də idarəetmə dövrəsinin yerindən və məsafədən idarə edilməsinin quraşdırılması daxildir. Bundan başqa, 35/10 kV-lik “Saatlı” yarımstansiyasında 10 MVA-lıq 1 saylı transformatorun əsaslı təmiri nəzərdə tutulur. Həmçinin 35/10 kV-lik “Fin-Qaçqın” və “Kirovkənd” yarımstansiyalarının 10 kV-lik tərəfində giriş yağ açarlarının və çıxış fiderlərinin yağ açarlarının yenilənməsi görüləcək işlər sırasındadır.
Şəbəkədən onu da bildirdilər ki, smart-kart tipli sayğaclar quraşdırılan ərazilərdə istehlak edilən elektrik enerjisinin dəyəri tam ödənilir. İndiyədək 6800 istehlakçı sayğacla təchiz edilib. Onların 6200-ü daimi əhali, qalanı isə qeyri- əhali qrupu abonentləridir. Rayon ərazisində bu tipli sayğacların quraşdırılması davam etdirilir.