“BAKI İEM”: TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir. Avadanlıqların istismarı və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında burada 51 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, müəssisədə cari ilin iki ayı ərzində isə 103,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, 2013-cü il ərzində stansiyada 539,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalının digər texniki-iqtisadi göstəricilərində yüksək nəticələr əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində əsas boylerdə, 1 və 2 saylı qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir. Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.
Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.