“YEVLAX EŞ”: SAYĞAC SXEMİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR

Image

Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artır. Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq, hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq və ödənişi 100 faizə çatdırmaqdır.

“Yevlax Elektrik Şəbəkəsi”ndən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bidirilir ki, istismar işləri də nəzərdə tutulan qrafik üzrə aparılır.   Belə ki, son üç ay ərzində 10 kV-lik 2 saylı “Kənd”, “Cırdaxan”, “RTS” hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işlıəri zamanı xətlərin müəyyən hissəsi yenilənmiş, 2,7 km-i təmir olunmuş, 5 dayaq yenisi ilə əvəzlənmiş və 5 travers quraşdırılmışdır. Eyni zamanda  sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin 3,2 km-i təmir olunmuş, 1,3 km naqil yenisi ilə əvəz edilmiş və 18 dayaq dəyişdirilmişdir. Sayğacların xüsusi qutularda baxış üçün maneəsiz yerə köçürülməsi işləri ilə əlaqədar olaraq 200 metr SİP və 280 metrdən artıq kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmiş və naqillərin qabariti bərpa olunmuşdur. Yeri gəlmişkən, hesabat dövründə 25 TM-də müxtəlif təlinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 7 transformator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Ümumilikdə isə sözügedən təsərrüfatın balans mənsubiyyətinə aid oaln EVX, yarımstansiya və TM-lərdə mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40-dan artıq  (bunun 41-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 213,8 min kilovatsaatdan artıq (bunun 190,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 12,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 82 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 450-dən artıq  (bunun 408-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 3 milyon 451,2 min  kilovatsaatdan artıq (bunun 2 milyon 402,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 204,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 86 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, cari ilin yanvar ayında müəssisənin xidmət ərazisində 13,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,1 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 8 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 269 min kilovatsaat artaraq 5 milyon kilovatsaatdan çox olmuş, ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 14,4 faiz çoxdur. Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 135,3 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2012-ci ildəki istehlakdan 4,6 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2012-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2012-ci illə müqayisədə 1,8 milyon kilovatsaata yaxın azalaraq 48,9 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxındır.