İSTEHLAK VƏ ÖDƏNİŞ ARTMIŞDIR

Image

“Masallı EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 13.1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,1 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 649 min kilovatsaat artaraq 10 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. Qeyd edək ki, ötən il ərzində isə müəssisə üzrə istehlak 122,6 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə istehlak 1 milyon kilovatsaatdan çox azalmış, ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 91,2 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2012-ci ildəki istehlakdan 3,5 milyon kilovatsaata yaxın azdır. Ödəniş isə 2012-ci illə müqayisədə mütləq 5 faizə yaxın artmışdır.

Mənbədən təmir işləri ilə bağlı əldə etdiyimiz məlumata görə, son üç ay ərzində yenidənqurma işləri ilə əlaqədar olaraq smartkart tipli sayğacların giriş xəttinə 620 metrdən artıq koaksial kabel çəkilmiş, 3 km-ə yaxın 0,4 kV-lik xətt SİP kabel xətti ilə əvəzlənmişdir. Eyni zamanda 10 və 0,4 kV-lik EVX-lərin ümumilikdə 8,6 km-ə yaxın hissəsində əsaslı təmir işləri aparılmışdır. Yeri gəlmişkən, sözügedən dövrdə 10 kV-lik EVX-lərin 2 km-i yenidən qurularaq ümumi gücü 1,3 MVA-ya yaxın olan 2 TM-də istismara verilmişdir. Onu da qeyd edək ki, sözügedən dövrdə təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir. Belə ki, 20 TM-də əsaslı təmir işləri aparılmış və bir transformator isə əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında  keçirilmiş reydlər zamanı 95 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 271,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 62 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Ümumiyyətlə, burada 2013-cü il ərzində 770-dən artıq qayda pozuntusu faktı aşkar edilərək 2 milyon 854,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 171,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2012-ci ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.