YARIMSTANSİYALAR GENİŞLƏNDİRİLİR
Bütün enerji obyektlərində olduğu kimi “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsinin, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər son üç ay ərzində də uğurla davam etdirilmişdir. O cümlədən, 330 kV-lik “İmişli” yarımstansiyasının genişləndirilməsi ilə əlaqədar olaraq IV “Goranboy” hava xəttinin yuvasının tikinti işləri aparılmış və hazırda bu bölmədə şinləmə işləri davam etdirilir.
Sözügedən müəssisədən qeyd edilən dövrdə görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Böyük Haramı” yarımstansiyasında iki ədəd eynigərginlikli bölmə yaradılmışdır. Eyni zamanda 110 kV-lik I-II “Füzuli”, “Xalac” və “Beyləqan” HX-lərində, 1və 2 saylı 16 MVA transformatorların girişində eleqaz açarları quraşdırılmışdır. Yeri gəlmişkən, bu yarımstansiyanın genişləndirilməsi ilə əlaqədar olaraq mövcud iki transformatorun yeri dəyişdirilərək onun avadanlıqları quraşdırılmış və transformatorlar şəbəkəyə qoşulmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 35 kV-lik “Mollakənd” yarımstansiyasında 3,2 MVA-lıq transformator müasir tipli 6,3 MVA-lıqla əvəz edilmiş, “Axtaçı”, “Qara Nuru”, “Mərəli” və “Şərab Zavodu” yarımstansiyalarında müxtəlif gücdə olan transformatorlar əsaslı təmir edilərək normal iş rejiminə gətirilmişdir. Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Saatlı Dartı”, “Cavad”, 35 kV-lik “Aranlı”, “Bəhrəmtəpə”, “Boşçalar” və digər bir neçə yarımstansiyada transformator və onların avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Enerjinin ötürülməsi sistemlərinin sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir”, – deyən mənbə əlavə etdi ki, sistemtəşkiledici 330 kV-lik III “Şirvan” hava xəttinin (HX) dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda dayaqların ətrafı və xəttin trassası yaşıl kütlələrdən təmizlənmişdir. Analoji işlər 110 kV-lik I-III “Kürdəmir”, IV “Sabirabad”, 35 kV-lik “Sarxanlı”, “Qaralar” HX-lərdə həyata keçirilmiş və eyni zamanda adları qeyd edilən sonuncu iki xəttin hər birində bir neçə dayaq dəyişdirilmişdir.
Mənbə onu da bildirdi ki, digər enerji obyektləri kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Mütəmadi qabaqlayıcı tədbirlər həyata keçirilir. O cümlədən, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmiş, mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.