“BİLƏSUVAR EŞ”: TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİB

Image

Biləsuvar rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. “Biləsuvar Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər rayonun elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artırılmasına səbəb olmuşdur. O cümlədən, son üç ay ərzində mövsümə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib. Belə ki, elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarını asandlaşdırılması və elektrik şəbəkəsində itkilərin azaldılması məqsədi ilə 3,7 km-ə yaxın özünüdaşıyan izolyasiyalı naqil  (SİP) və smatrkart tipli sayğacların quraşdırılması məqsədi ilə sayğacların giriş xətinə 3,1 km-dən artıq koaksial kabel xətti çəkilmişdir. Eyni zamanda mövcud 0,4 kV-luq hava xətlərinin 1,6 km-ə yaxın hissəsi SİP kabellə əvəzlənmişdir. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik EVX-lərin 7,2 km-ə yaxın hissəsində əsaslı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, istehlakçıların elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən sözegedən dövrdə bir TM quraşdırılaraq istismara verilmiş, üç TM-də əsaslı təmir işləri aparılmış və yükə uyğun transformatorlar əvəz olunmuşdur. Eyni zamanda həmin bu dövrdə bir transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

“İstehlakçılara xidmətin  səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi  üçün kollektivimiz öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü il ərzində müəssisənin xidməti ərazisində 88,6 milyon kilovatsaatdan artıq,  o cümlədən daimi əhali qrupu tərəfindən isə 40,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 9,3 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 18 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə 2012-ci illə müqayisədə istehlak 1,4 milyon kilovatsaata yaxın azalmış və ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur. Onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisə üzrə 7,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 9,3 faiz artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 565 min kilovatsaat azalaraq 4,4 milyon kilovatsaatdan çox olmuşdur.

Müəsisədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 qayda pozuntusu faktı aşkar olunmuşdur. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 50,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Sonda onu da qeyd edək ki, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 455-dən artıq fakt aşkar edilərək müvafiq qaydada aktlar  tərtib edilmişdir. Nəticədə 2 milyon 112.3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 126,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş, qalıq hissənin ödənilməsi üçün tədbirlər görülür.