PAYLAYICI ŞƏBƏKƏ YENİDƏN QURULMUŞDUR
Ölkə enerjisistemində ənənəvi xarakter daşıyan yenidənqurma və təmir-bərpa işləri cari ildə də geniş vüsət almışdır. Belə ki, nəinki şəhərətrafı zonalarda, həmçinin ölkənin bütün rayon və kəndlərində olan elektrik enerjisi istifadəçilərinin enerji tələbatının dayanıqlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti yenidənqurma işləri həyata keçirilir. Belə ünvanlardan biri də İmişli rayon mərkəzidir.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, İmişli rayon mərkəzində paylayıcı elektrik şəbəkəsi yenidən qurulmuşdur. Yenidənqurma işləri zamanı 24,6 km uzunluğunda 10 kV-lik xətlər yenilənmiş, fiziki köhnəlmiş Eyni zamanda 4930-dan artıq 10 və 0,4 KV-lik xətlərin dayaqları da yenisi ilə əvəz edilmişdir.
O da qeyd edilməlidir ki, elektrik enerjisinin keyfiyyətinin daha da yaxşılaşdırılması, texniki itkilərin azaldılması məqsədilə yeni güc mərkəzləri yaradılmış və müxtəlif gücdə 30-dan artıq transformatorda dəyişdirilmişdir.
Yeri gəlmişkən, şəbəkələrin bərpası və yenidən qurulmasından başqa, elektrik enerjisinin uçotunun nizama salınması proqramına uyğun olaraq ilkin ödənişli kartlar vasitəsilə elektrik enerjisindən istifadəyə görə müasir ödəmə sistemi də tətbiq edilmiş, o cümlədən 7800-dən çox smartkart tipli sayğac quraşdırılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılmışdır. İstehlakçılar arasında aparılan təbliğat işləri sayəsində elektrik enerjisindən təyinatı üzrə istifadəyə daha çox üstünlük vermələri və israfçılıqla istifadənin aradan qaldırılması istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artımın əldə edilməsinə səbəb olmuşdur. Bu da ümumilikdə rayonda enerjisistemin dayanıqlığının daha da möhkəmləndirilməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsinə müəyyən qədər kömək edəcəkdir.