YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Image

Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına  gətirib çıxarır. Həmişə olduğu kimi, ötən ildə də müəssisənin xidməti ərazilərində təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilib və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verir. Təmir-bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir.

“Şəmkir EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında müəssisə üzrə 26,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 5,8 milyon kilovatsaata yaxın çoxdur.  Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödəniş mütləq 14 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 1,5 milyon kilovatsaata və 2,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 7 faiz olmuşdur. Qeyd edək ki, müəssisə üzrə 2013-cü il ərzində ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 316,5 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 20,4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 9 faiz olmuşdur. O cümlədən daimi əhali qrupunda istehlak 2012-ci illə müqayisədə 9,8 milyon kilovatsaata yaxın artaraq 93,1 milyon kilovatsaatdan çox, ödənişdə mütləq artım isə 10 faizdən artıq olmuşdur.

Mənbədən onu da bildirdilər ki, son üç ay ərzində müəssisənin balans mənsibiyyətinə aid olan 10 və 0,4 kV-lik xətlərin 14,1 km-ə yaxın hissəsində təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 115 yeni sayğac quraşdırılmışdır ki, bunun da 30-a yaxını smartkart tiplidir. Qeyd edək ki, təmir və yenidənqurma işləri TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə 100-ə yaxın TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, bu işlərlə paralel olaraq elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilmişdir. Belə ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 64 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 982,5 min kilovatsaat itirilmiş elektrik enerjisinin 59 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 80 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində isə burada 830 qayda pozuntusu faktı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar qanuna müvafiq araşdırılmış və hesabat aparılaraq 13 milyon 102 min kilovatsaat itirilmiş elektrik enerjisinin 786,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 94 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

 

Yeri gəlmişkən ötən il ərzində aşkar edilmiş qayda pozuntularına görə 31, cari ilin yanvar ayında isə 6 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.