GƏNCƏ REŞ: TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

“Gəncə Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında  son üç ay ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən şəhər və rayonlarda istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 35 kV-lik və ondan yüxarı gərginlikli elektrik verilişi xətlərində (EVX)  və yarımstansiyalarda sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Belə ki, 110 kV-lik Gəncə-1 yarımstansiyasında eyni gərginlikli I şin sisteminin boşaldıcıları yeni tiplisi ilə əvəz edilmişdir. Eyni zamanda 2 saylı 35 kV-lik şinlərarası yağ açarları eleqaz açarlarla əvəz olunmuşdur. Bütün bunlarla yanaşı 2 saylı 31,5 MVA-lıq transformatorun 35 kV-lik yağ açarı və cərəyan trnsformatorları yeni tipli eleqaz və cərəyan transformatorları ilə əvəzlənmişdir.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “İstilik”, “Gəncə-3” və “Maşınqayırma” yarımstansiyalarında aparılan təmir işlərinə transformatorla yanaşı onların giriş yağ açarlarının və bəzi xətlərin yağ açarlarının təmiri və boşaldıcıların dəyişdirilməsi də daxildir.

Mənbədən 110-35 kV-lik HEVX-də aparılmış təmir işləri ilə bağlı əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, hesabat dövründə xeyli sayda izolyator yenisi ilə əvəzlənmiş, xətlərin müəyyən hissəsi yenilənmiş və metal dayaqların qopmuş hissələri qaynaq edilərək onların konstruksiyasının möhkəmliyi bərpa edilmişdir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən təmizlənmiş və bu istaqamətdə işlər mütəmadi olaraq davam etdirilir.

Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı ardıcıl  tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. Dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır.