TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Image

“Azərenerji”nin bütün strukturlarında olduğu  kimi, “Siyəzən Elektrik Şəbəkəsi”ndə də istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə xidməti ərazilərində olan transformator məntəqələri və elektrik verilişi xətlərinə (EVX) baxış keçirilərək aşkar edilmiş nasazlıqların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda davam etdirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan rayon mərkəzində, Gənclik, Gil-gil çay, Su qəsəbələrində, Ağbaş, Məşrif, Zarat və digər kəndlərdə olan ümumi gücü 2,8 MVA-dan artıq təşkil edən 8 komplekt transformator məntəqəsində (KTM) və 7 TM-də müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda 16 transformator da təmir olunaraq normal iş rejiminə gətirilmişdir.  Mənbəyə istinadən qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava EVX-lərin (HEVX) ümumilikdə 15 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılmış, 10-dan artıq dayaq yenisi ilə əvəz edilmiş, 40-dan artıq dayaq isə düzləndirilmişdir. Həmçinin eyni gərginlikli xətlərin ümumilikdə 8 km-dən artıq hissəsi dəyişdirilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövrdə 13 km-dən artıq sallaq naqil dartılmış, 5 km-dən artıq məsafədə isə xəttin trassası yaşıl kütlədən təmizlənmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin yanvar ayında  müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 44 istehlakçının (bunun 42-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 73,3 min  kilovatsaata yaxın (bunun 68,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisə üzrə ümumilikdə 10 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 210 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 4,3 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 11 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 4,9 faiz çoxdur. 2013-cü il ərzində isə ümumi istehlak 93,1 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 2,1 milyon kilovatsaata yaxın, ödəniş isə 0,4 mütləq  artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon kilovatsaatdan çox artaraq 32,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq atım isə 12 faizdən çoxdur.

Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi və əməyin mühafizəsi məsələləri diqqət mərkəzindədir.