YENİDƏNQURMA TƏDBİRLƏRİNƏ DİQQƏT ARTIRILIR

Image

Hazırda Şabran rayonunun ərazisi daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunur. Fiziki köhnəlmiş naqil və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Son üç ay ərzində rayonun Şahnəzərli və Aygünlü kəndlərinin elektrik enerjisi təchizatını yaxşılaşdırmaq məqsədilə əsaslı və yenidənqurma işləri görülmüş, 110 kV-lik “Rəhimli” yarımstansiyasında müasir tipli iki yuva quraşdırmaqla 10 kV-lik ikidövrəli Aygünlü-Şahnəzərli xətti quraşdırılmışdır. Ümumilikdə isə 10 kV-lik “Aygünlü” və “Şahnəzərli” HX-lərinin çəkilişi zamanı 260-a yaxın dəmir-beton dayaq, 49 kilometrə yaxın naqil istifadə edilmişdir. Yeri gəlmişkən, Aygünlü kəndində 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarını asanlaşdırılması, elektrik şəbəkəsində itkilərin azaldılması və sayğacların baxış üçün maneəsiz yerə köçürülməsi məqsədi ilə 0,4 kV-luq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillər ilə (SİP) əvəz olunmuşdur. Nəticədə 3,6 km-dən artıq SİP kabel çəkilmişdir.

“Şabran Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik I “Şəhər”, “Qorğan”, “Gəndab” və 0,4 kV-lik EVX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 40-a yaxın dayaq, 6,5 km uzunluğunda naqil dəyişdirilmiş və 300 metrdən artıq SİP kabel xətti çəkilmişdir. Eyni zamanda 8 km-dən artıq sallaq naqil dartılmış, 4,6 km xəttin trassası yaşıl kütlədən təmizlənmiş və 40-dan artıq dayaq düzləndirilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə enerji təchizatını yaxşılaşdırmaq məqsədilə İsnovqışlaq və Cimi kəndlərinin hər birində bir transformator daha güclüsü ilə, texnoloji itkilərin azaldılması məqsədilə isə Rəhimli kəndində bir transformator yükə uyğun yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid olan 5 KTM-də müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.

Müəssisədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 44 qayda pozuntusu (bunun 40-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar olunmuşdur. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 53,7 min kilovatsaata yaxın (bunun 49,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisə üzrə 6,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 396 min kilovatsaat çoxdur.  O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 3,6 milyon kilovatsaata yaxın və 550 min kilovatsaat olmuşdur. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödənişdə mütləq dinamik artım qeydə alınmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2013-cü il ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 63,4 milyon kilovatsaatdan artıqdır ki, bunun da 27 milyon kilovatsaata yaxını daimi əhali qrupuna məxsusdur. 2012-ci illə müqayisədə ümumi istehlak 2 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 7 faizdən çox artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər 173 min kilovatsaat və 4 faizdən çox olmuşdur.